Ağsu rayonunda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şahmat yarışına start verilib. ATİAHİ Ağsu rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində Ulu Öndərin həyatından, siyasi fəaliyyətindən, xilaskarlıq missiyasından danışılıb. Bildirilib ki, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib. Böyük rəhbərin hakimiyyətdə olduğu dövr Azərbaycan elminin, təhsilinin, səhiyyə və mədəniyyətinin, iqtisadiyyatının sürətli tərəqqisi ilə yadda qalıb. Bu illər milli-mənəvi dəyərlərimizin qorunması, vətəndaşların sosial həyat tərzinin yaxşılaşdırılması, dünya azərbaycanlılarının monolit bir qüvvə kimi təşkilatlanması, gənclərimizin dövlətçiliyimizin tərəqqisi prosesinə cəlb edilməsi Heydər Əliyev strategiyasının uğuru kimi qeyd olunmalıdır.
Qeyd olunub ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib.
Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.